Əla surəsi

87:1

(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə´ninə təriflər de!
87:2
O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.
87:3
O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.
87:4
O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.
87:5
Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.
87:6
(Ya Peyğəmbər!) Biz sənə (Qur´anı) oxudacağıq və sən (onu) unutmayacaqsan;
87:7
Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!
87:8
Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.
87:9
(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur´anla) öyüd-nəsihət ver!
87:10
(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!
87:11
Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.
87:12
(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.
87:13
Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)
87:14
(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.
87:15
O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!
87:16
Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!
87:17
Halbuki axirət daha xeyirli və daha baqidir.
87:18
Həqiqətən, bu deyilənlər (Qur´andan) əvvəlki kitablarda mövcuddur -
87:19
İbrahimin və Musanın kitablarında!